Xalqına 95 il xidmət edən müqəddəs ocaq

Xalqına 95 il xidmət edən müqəddəs ocaq
23 May 2018 10:33

Azərbaycan Milli Kitabxanasının xidmət işləri üzrə direktor müavini, Əməkdar Mədəniyyət İşçisi, AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun doktorantı Ədibə İsmayılovanın AZƏRTAC-a təqdim etdiyi məqalədə Azərbaycan Milli Kitabxanasının yaranma tarixindən və fəaliyyət istiqamətlərindən bəhs olunur.

M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası dünyada ən böyük milli kitabxanalardan və ən iri kitabsaxlayıcılardan biridir. Azərbaycanda hamının istifadə edə biləcəyi milli kitabxananın yaradılması fikri hələ XIX əsrin 70‐ci illərində “Əkinçi” qəzeti tərəfindən irəli sürülmüşdü. Sonralar digər mətbuat orqanlarında, o cümlədən “İrşad”, “Kaspi”, “Tərəqqi” qəzetlərində, “Molla Nəsrəddin” jurnalında bu məsələnin dəfələrlə gündəmə gətirilməsinə baxmayaraq, bu təşəbbüs dövlət səviyyəsində Azərbaycan Xalq Cümhuriyyət dövründə yenidən qaldırılıb. O zaman respublikada ictimai‐siyasi mühitin gərginləşməsi ilə əlaqədar məsələ təxirə salınıb və Cümhuriyyətin süqutu bu ideyanın həyata keçməsinə imkan verməyib. Arxiv sənədlərindən məlum olur ki, Bakıda mərkəzi dövlət kitabxanasının yaradılması məsələsi ilk dəfə Azərbaycan Respublikası Xalq Maarif Komissarlığının 1920‐ci il 13 noyabr tarixli 53 nömrəli iclasında müzakirə edilib, kitabxananın yararlı bina, avadanlıq və kitab fondu ilə təmin edilməsi haqqında qərar qəbul edilib. 1922‐ci ilin yanvar ayında Xalq Maarif Komissarlığı tərəfindən Mərkəzi Kitabxananın direktor vəzifəsi təsis edilib və bu vəzifəyə Müseyib İbrahim oğlu Səlimov təyin edilib. Yeni kitabxana indiki Üzeyir Hacıbəyli küçəsindəki keçmiş Azərbaycan Ali İqtisad Şurasının binasında yerləşdirilib. Azərbaycanın Mərkəzi Kitabxanasının fondunun əsasını ilkin mərhələdə İmperator Texniki Cəmiyyətinin Bakı şöbəsinin və Bakı İcmai Cəmiyyətinin kitabxanalarının fondlarından toplanmış 5 min 212 nüsxə kitab təşkil edib.1939-cu ildə kitabxanaya mütəfəkkir, dramaturq və maarifçi Mirzə Fətəli Axundzadənin adı verilib.

İllər keçdikcə Milli Kitabxana Azərbaycanda kitabxanaşünaslıq, biblioqrafiya, informasiya və kitabşünaslıq sahəsində elmi‐tədqiqat işləri üzrə aparıcı və əlaqələndirici müəssisə, oxuculara kompleks kitabxana‐informasiya xidməti göstərən, ölkə kitabxanaları üçün metodik mərkəz, milli tövsiyə biblioqrafiyası və ölkədaxili depozitar mərkəz funksiyasını həyata keçirən baş kitabxanaya çevrilib.

2004-ci ildə kitabxanaya Nazirlər Kabinetinin qərarı ilə “Milli Kitabxana” statusu verilib. AMK respublikada kitabxana işi sahəsində dövlət siyasətini həyata keçirən, milli nəşrləri, xarici ölkələrdə nəşr olunmuş Azərbaycan haqqında və Azərbaycan müəlliflərinin əsərlərini, dünya əhəmiyyətli nəşrləri, o cümlədən xarici dillərdə qiymətli və digər məlumat daşıyıcılarını toplayıb mühafizə edən milli mədəniyyət xəzinəsi və dövlət kitabsaxlayıcısıdır. “Kitabxana işi haqqında” və “Nəşriyyat işi haqqında” Azərbaycan Respublikasının qanunlarına əsasən AMK ölkə ərazisində dərc olunan nəşrlərdən pulsuz məcburi nüsxələr alır və onların əsasında milli mətbuatın arxiv fondunu yaradır.

Zəngin kitab fonduna malik Milli Kitabxanada Azərbaycan kitab mədəniyyətinin ilk nümunələri – daşbasma üsulu ilə çap olunmuş və ilk çap kitabları, XIX əsrin dövri mətbuat nümunələri toplanıb. “Nadir kitablar və kitabxana muzeyi” şöbəsində 20‐dək dildə ən qədim kitablar, müxtəlif elm sahələrinə aid fundamental tədqiqat əsərləri, qiymətli sorğu ədəbiyyatları qorunub saxlanılır.

Kitabxananın arxiv fondunda mətbuat tariximizin misilsiz bir hissəsini təşkil edən 91 adda qəzetin 1875-1930–cu illəri əhatə edən böyük bir dövrünün əsli və fotosurətləri, eləcə də Azərbaycan mətbuatının inkişafında mühüm rol oynayan jurnallar qorunub saxlanılır.

2003-cü ildən kitabxanada avtomatlaşdırılmış idarəetmə sistemi həyata keçirilir. Dünyanın ən böyük və zəngin kitabxanalarında daha çox tətbiq olunan avtomatlaşdırılmış kitabxana-informasiya sistemi VİRTUA proqramı tətbiq edilib. Son illər informasiya-kommunikasiya texnologiyalarının kitabxana işinə tətbiqi ilə əlaqədar olaraq AMK-da yeni şöbələr və bölmələr açılıb: “Elektron informasiya xidməti”, “İnfrastrukturun təşkili və proqram təminatı”, “Avtomatlaşdırma və informasiya texnologiyaları”, “Elektron resursların yaradılması”, “Analitik elektron məlumat bazasının təşkili”, “Elektron kataloqun formalaşdırılması”, “Elektron dissertasiya fondunun təşkili və ondan istifadə” şöbələri, “Elektron resurslardan istifadənin təşkili”, “Lokal şəbəkədən istifadə üzrə oxu zalı” bölmələri. Yeni şöbə və bölmələrin yaradılması ilə əlaqədar bir çox ənənəvi iş sahələri yeni texnologiyalarla təchiz olunub, ənənəvi kataloq sistemi elektron kataloqla əvəzlənib, elektron kataloqla yanaşı elektron kitabxana yaradılıb.

Kitabxananın üç dildə fəaliyyət göstərən saytı (www.anl.az) vasitəsilə oxucular məlumat bazalarından yararlanmaq, Milli Kitabxananın nəşrlərindən istifadə etmək, elektron kataloqda və elektron kitabxanada, həmçinin dünya ölkələrinin kitabxanalarında axtarış aparmaq imkanı əldə edirlər.

Qısa müddət ərzində informasiya-kommunikasiya texnologiyaları ilə təchiz edilmiş Azərbaycan Milli Kitabxanasında sistemli iş aparılıb, avtomatlaşdırılmış kitabxana idarəetmə sistemi tam tətbiq edilib, zəngin elektron resurslar yaradılıb. İndi bilavasitə kitabxanaya gələn oxuculara elektron kitabxananın resursları lokal şəbəkə - İNTRANET vasitəsilə, uzaq məsafəli istifadəçilərə isə qlobal şəbəkə - İNTERNET vasitəsilə təqdim olunur.

Kitab, qəzet və jurnalların elektron versiyaları ilə yanaşı, Milli Kitabxananın fondunda olan musiqi ədəbiyyatının, not nəşrlərinin elektron versiyalarının bazaları da yaradılaraq, “Musiqi kitabxanası” bölməsində oxucuların istifadəsinə verilib. Kitabxananın fondunda Azərbaycan klassiklərinin musiqi əsərləri yazılmış qrammofon valları informasiya daşıyıcılarına köçürülüb, 30 min qrammofon valı CD-lərə köçürülüb və onların elektron bazası yaradılıb.

2008-ci ilin dekabr ayından Milli Kitabxanada ölkə mətbuatının ayrı-ayrı mövzular və predmetlər üzrə tammətnli analitik məlumat bazasının yaradılması işinə başlanılıb. Bu gün 100-dən çox qəzet və jurnalda dərc olunan materialların tam elektron mətnləri mövzu və predmetlər üzrə qruplaşdırılaraq Milli Kitabxananın elektron kataloqunun analitik məlumat bazasına daxil edilir. Kitabxananın oxucuları və eləcə də dünya miqyasında Azərbaycanla maraqlanan bütün insanlar Milli Kitabxananın saytı və elektron kataloqu vasitəsilə zaman və məkan problemi olmadan onun nəinki kataloq və fondlarına daxil olur, həm də tammətnli elektron məlumat bazalarından bəhrələnirlər.

Milli Kitabxana respublikanın bütün kitabxanalarına, eləcə də bütün oxuculara və internet istifadəçilərinə virtual rejimdə xidmət göstərir. Kitabxananın saytında “Metodik xidmət”, “Biblioqrafik sorğu” və “Virtual sifariş” onlayn xidmət növləri yaradılıb. Hər bir kitabxana işçisi, oxucular, istifadəçilər sorğularını Milli Kitabxanaya ünvanlayır və ən qısa müddətdə cavab ala bilirlər.

Milli Kitabxana hər il kitabxana işinin bu və ya başqa məsələlərinə dair xeyli miqdarda metodik vəsait nəşr edir və region kitabxanalarına göndərir. Azərbaycan Milli Kitabxanası “Yeni kitablar”, “Birillik Azərbaycan kitabiyyatı”, “Azərbaycan kitabı”, “Mədəniyyət, incəsənət, turizm və ədəbiyyatşünaslıq haqqında yeni ədəbiyyat” adlı biblioqrafik informasiya göstəricilərini, hər il “Əlamətdar və tarixi günlər təqvimi”ni, Azərbaycanın görkəmli şəxsiyyətləri silsiləsindən, eyni zamanda, digər mövzulara həsr olunmuş fundamental biblioqrafik vəsaitlər nəşr edir.

Azərbaycan Milli Kitabxanası dünyanın 40-dan çox kitabxanası ilə əməkdaşlıq edir. 2018-ci ildə dünya kitabxanaları ilə əməkdaşlıq əlaqələrini genişləndirərək yeni müqavilələrə imza atıb. Kitabxananın direktoru, professor Kərim Tahirov yanvar ayında Los-Anceles Şəhər Kitabxanasında direktor Con Szabo ilə görüşüb. Görüşdə iki kitabxana arasında əməkdaşlığın yaradılması, birgə tədbirlərin keçirilməsi məsələləri müzakirə olunub. Azərbaycan Milli Kitabxanası ilə Los-Anceles UCLA kitabxanası arasında qarşılıqlı əməkdaşlığa dair memorandum imzalanıb. Bu memorandum həm Azərbaycan Milli Kitabxanasında, həm də UCLA Kitabxanasında iki ölkənin tarixinin, mədəniyyətinin, elminin, adət və ənənələrinin təbliğində, öyrənilməsində əhəmiyyətli rol oynayacaq informasiya və elektron resursları fondunun formalaşmasına və oxucuların istifadəsinə verilməsinə imkan yaradacaqdır.

2018–ci il aprelin 17-də Doha şəhərində Qətər və Azərbaycan Milli kitabxanaları arasında əməkdaşlıq memorandumu imzalanıb. Beş il müddətinə imzalanmış bu sənəddə kitab, informasiya və elektron resursların, qiymətli kitabların və əlyazmaların surətlərinin, yaxud rəqəmsal variantlarının mübadiləsi, əməkdaşların təcrübə mübadiləsi, habelə innovativ yeniliklərin tətbiqi üzrə treninqlərin, elmi konfransların keçirilməsi və ənənəvi kitab sərgilərində iştirak, eləcə də Azərbaycan müəlliflərinin ərəb dilində çap olunmuş yeni kitablarının təqdimat mərasimlərinin keçirilməsi öz əksini tapıb.

Beynəlxalq əlaqələri gündən-günə genişlənən Milli Kitabxana 60-dan çox kitabxana ilə kitab mübadiləsini həyata keçirir.

AMK Avropa Milli Kitabxanaları Konqresi (CENL), Avrasiya Kitabxana Assambleyası (BAE), Türkdilli Ölkələrin Milli Kitabxana Direktorları Şurası, İqtisadi Əməkdaşlıq Təşkilatına Üzv Ölkələrin Milli Kitabxanaları Şurası, Avrasiya Kitabxanaçılar Birliyinin və s. üzvüdür.

Azərbaycan Milli Kitabxanası mütəmadi olaraq beynəlxalq tədbirlərdə iştirak edir, eyni zamanda beynəlxalq tədbirlərə ev sahibliyi edir.

Gənclərin fəal mütaliəyə cəlb olunması, mütaliə mədəniyyətinin formalaşdırılması məqsədilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Milli Kitabxananın birgə layihəsi əsasında 2016-cı ilin iyul ayında Milli Kitabxananın nəzdində həftənin bütün günləri fasiləsiz fəaliyyət göstərən “Açıq kitabxana - sərbəst mütaliə məkanı” yaradılıb. Burada oxucular, yazıçılar, şairlər, görkəmli elm və mədəniyyət xadimləri tərəfindən kitabxanaya hədiyyə edilən kitablar nümayiş olunur və onların mütaliəsinə şərait yaradılır. “Açıq kitabxana”da kitabların mübadiləsinə də gözəl imkan yaradılmışdır. Burada “Mən oxudum, sən də oxu” devizi altında “Kitabı kitaba dəyişmə” guşəsi fəaliyyət göstərir.

“Açıq kitabxana”da açıq səma altında poeziya gecələri, mütaliə axşamları, ayrı-ayrı yazıçı və şairlərlə görüşlər keçirilir, yazıçı və şairlərin yeni kitablarının təqdimat mərasimləri təşkil olunur. Buradan hər kəs sərbəst, qeydiyyatsız yararlana bilir. “Açıq kitabxana”da Azərbaycan Milli Kitabxanasının elektron kataloqundan, elektron kitabxanasından, Azərbaycan ədəbiyyatının virtual kitabxanasından və digər elektron kitabxanalardan oxucuların istifadəsi üçün kompüter avadanlığı və Wi-Fi şəbəkəsi quraşdırılıb. “Açıq kitabxana”nın saytı vasitəsilə oxucular virtual sifariş xidmətlərindən yararlanır, onun fondunda olan kitablarla onlayn tanış olur, lazım gəldikdə seçdikləri kitabı sifariş edə, eyni zamanda, burada keçirilən tədbirlər haqqında məlumat əldə edə bilirlər.

Realpress.az



22 Fev 2022
Elmi

“Sən elə bir zirvəsən” respublika ifa müsabiqəsi davam edir

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunan “Sən elə bir zirvəsən” respublika ifa müsabiqəsi mayın 5-dək davam edəcək. Müsabiqə Təhsil Nazirliyinin dəstəyi, Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin təşkilatçılığı ilə nazirlik sistemində fəaliyyət göstərən peşə və orta ixtisas təhsili müəssisələrinin şagird və tələbələri arasında keçirilir.

22 Fev 2022
Elmi

Magistraturaya qəbul imtahanında ən yüksək nəticə 98 bal olub

Magistraturaya qəbul imtahanında ən yüksək nəticə toplanılması mümkün olan 100 baldan 98 olub. Qəbul imtahanındakı nəticələri müsabiqə şərtlərini ödəyən bakalavrlar ixtisaslaşma seçiminə buraxılırlar. Müsabiqə şərtləri müxtəlif ixtisas qruplarına uyğun olaraq 30, 40, 45, 50 baldır.

22 Fev 2022
Elmi

Magistraturaya qəbul imtahanı vermiş iki nəfərin nəticələri ləğv edilib

Bir nəfərdə mobil telefon aşkarlandığı üçün, bir nəfər isə köçürməyə cəhd etdiyi üçün imtahandan xaric olunub və nəticələri ləğv edilib. Bundan əlavə, sual kitabçasını özü ilə aparan 4 nəfərin nəticəsi araşdırılır.

21 Fev 2022
Elmi

Təhsil naziri Gürcüstanda tədrisi Azərbaycan dilində olan məktəblərin sayının azalmasına münasibət bildirib

"Məktəblərin sayına və keyfiyyətinə təsir edən müxtəlif amillər var. Bu amillərin bəziləri obyektiv, bəziləri isə subyektiv səbəblərlə bağlıdır".

21 Fev 2022
Elmi

Azərbaycanla Gürcüstan arasında ali təhsil sahəsində əməkdaşlıq müzakirə olunub

Gürcüstanda rəsmi səfərdə olan təhsil naziri Emin Əmrullayev İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinə (TDU) baş çəkib.