Xocalı şahidi: Qızım həmişəlik orada qaldı

Xocalı şahidi: Qızım həmişəlik orada qaldı
23 Fev 2018 09:30


Müharibə görmüş, onun qurbanına çevrilmiş, həyatında unudulmayacaq iz buraxmış və bu səbəbdən ağır həyat şəraitində yaşayan insanların taleləri bir-birinə bənzəyir.

Hansını dindirsən, sanki qərtmək bağlamış yaralarını qurdalayıb yenidən qanadır, qurumuş göz yaşlarını yenidən axıdır, zəif döyünən ürəyini həmin günlərə geri qaytararaq yenidən sürətlə döyünməsinə səbəb olarsan.

Sualı vermədən öncə hansı mövzu ilə bağlı danışacağını bildikdə, əllərinin buza döndüyünü, ötən 26 ilin acı, faciəli günlərinin solğun bənizinə həkk edildiyini hiss edərsən.

O, Xocalı faciəsini saçının telinə, aldığı nəfəsinə, sümüyünün iliyinə qədər hiss edən, yaşayan, həmin qanlı gecədə evindən didərgin düşən, övladını şəhid verən, günlərlə ac-susuz qalan və nəhayət, erməni cəhənnəmini yaşayan insanlardan biridir.

Bizim nə üçün gəldiyimizi bildikdə, səhhətində ciddi problemlərin olduğuna görə təkidlə danışmaq istəmədiyini bildirdi.

Sonradan qonaq olduğumuzu, bu qədər yol qət edərək onunla həmsöhbət olmaq üçün gəldiyimizi bildikdə, sanki ürəyi dözmədi və öz evinin qapısını üzümüzə açdı.

Çox həyəcanlı olduğunu və durumunun yaxşı olmadığını vurğulayan müsahibimiz sualları verdikcə, həmin günləri yenidən yaşadarkən səhhətini nəzərə almağımızı xahiş etdi.

59 illik ömründə iki dəfə evindən didərgin düşmüş, Xocalı faciəsində sağ əlini itirmiş və səkkiz yaşlı körpə qız övladını şəhid vermişdi.

Hələ ana olarkən xəyalları vardı - oğul evləndirib, qız köçürmək. Lakin həyatının uğursuz olduğunu və Allahın da yadından çıxdığını deyən Aidə Rzayeva danışarkən göz yaşlarını saxlaya bilmir, tez-tez ürəyini tutur və əli ilə ovxalayırdı.

Həyatın yorduğu bu qadın müsahibə müddətində fotolarını çəkməməyimizi istədi, biz də onun bu istəyinə qarşı çıxmadıq.

realpress.az-ın müsahibi Xocalı faciəsinin canlı şahidi olmuş və bu faciənin qurbanlarından birinə çevrilmiş 59 yaşlı Rzayeva Aidə Bəhram qızıdır:

– Aidə xanım söhbətə başlamamışdan öncə bildirdiniz ki, iki dəfə sürgün həyatı yaşamısınız...

– Əvvəl Xankəndidə yaşamışam. 1988-ci ildə bizi oradan sürgün etdilər. Sürgündən sonra Xocalıya gətirib “finski ev”lərə (taxtadan hazırlanmış evlər) yığdılar. Orada dörd il yaşadıq. Dörd ildən sonra – 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə ermənilər Xocalı qətliamını törədib, şəhəri işğal etdilər.

Həmin gecə səkkiz yaşlı qızım meşədə güllə yarasından şəhid oldu və həmişəlik orada qaldı. Meyitinə belə yaxın dura bilmədim (ağlayır).

18 yaşlı əmim oğlu (Qasımov İldırım - red.) girov düşdü. İndi nə dirisindən, nə də ölüsündən xəbərimiz var. Eh, həmin vaxt itkilərimiz çox oldu. Bakıya gətiriləndən sonra – 26 ildir ki, Pirşağa kəndi Qızılqum qəsəbəsində, Xocalıdan didərgin düşmüş insanların məskunlaşdığı bu sanatoriyada yaşayırıq.

Ağır xəstəyəm. Həmin faciədən bir müddət sonra şəkər xəstəliyindən gözlərim tutuldu. Övladlarımın köməyi ilə dörd dəfə İrana gedərək müalicə aldım. Həmin müalicələr qismən təsirini göstərdi, indi zəif də olsa, görə bilirəm. 

– Xocalı faciəsindən 26 il ötür. Həmin günləri necə xatırlayırsınız?

– Çox pis. Hər il soyqırımı ərəfəsində bütün bədənim əsir. Evdəkilər məni televizora baxmağa qoymur. Çünki şəkər xəstəsi olduğuma görə həmin kadrları izləyərkən həyəcanlanıram və şəkərim qalxır. Faşistdən də betər olan ermənilər qızlarımıza, gəlinlərimizə zülüm verdilər, hamilə qadınların qarnına biz soxdular, içalatlarını çıxarıb, çölə tökdülər.

Cavan oğlanlarımızın başlarını erməni qəbirlərinin üzərində kəsirdilər. Bunların hamısının canlı şahidi olmuşam (danışarkən ürəyini ovxalayır). Həmin gecə elə zülmət idi ki, danışmaqla qurtarmaz. Allah o günü heç kimə göstərməsin. Onu unutmaq mümkün deyil. İcra başçımız Elman Məmmədovun anasının başına elə oyunlar açmışdılar ki...

– Nə etmişdilər?

– Nə sən soruş, nə də mən deyim. Danışılası deyil. Meşədə heç kim bir-birini tanımırdı. Ana balanın, bala atanın meyitinin üstündən keçirdi. Hava soyuq bıçaq kimi adamın ayağını kəsirdi. Sonradan don vurmaya görə bir çoxlarının ayaqları əməliyyat edilərək kəsildi.

– Bayaq qeyd etdiniz ki, səkkiz yaşlı qız övladınız meşədə güllə yarasından şəhid oldu (Sualı tam verməmiş danışmağa başlayır)...

– O, ən ağrılı yerimdir (Həyəcandan əlləri əsir, su içərək söhbətinə davam edir). Övladım Xankəndidə yaşayandan bəri qorxudan qan xəstəliyinə tutulmuşdu. Xocalı qırğınından sonra meşədə ona güllə dəydi və şəhid oldu. Meyiti elə oradaca qaldı, götürə bilmədik.

– Geri qayıdaraq onu xilas etməyə çalışdınızmı?

– Bəli. Oraya qayıtdıq, lakin gec idi. Artıq dünyasını dəyişmişdi. Elə bir vəziyyət idi ki, özümü, digər uşaqları güclə daşıyırdım. Onu necə daşıyacaqdım? Zatən ölənlərin hamısını meşədə qoyub-gəlirdilər.

– Meşədə öldürülənlər çox idi? 

– Meyitlərin sayı-hesabı bilinmirdi. Ağ qar al qırmızı qana boyanmışdı. Buna baxmayaraq, heç Xocalıya görə soyqırım elan olunmamışdı. Halbuki şəhərin yarısı qırılmışdı. Erməninin bizə çəkdirdiyi əzabları heç “nemes”lər də kiməsə çəkdirməyib (əsəbləşir).

İnsanların dişlərini çıxarır, barmaqlarını kəsirdilər. Bu ərazidə girov düşənlər də yaşayır. Onları danışdırın, sizə hər şeyi danışacaqlar.

– Həmin evlərə getdik. Bildirdilər ki, səhhətləri ağır durumda olduğuna görə danışmağa taqətləri yoxdur.

– Oğul, daha necə olmalıdır ki? Sağ qaldığımız üçün Allaha şükür edirik. 26 ildir ki, fevral ayı gələndə eyni fikirləri, sözləri təkrarlayırıq. Həmin kadrlar yenidən gözlərimiz önündə canlanır.

Deyirik ki, ay Allah, o günlər getsin, bir də gəlməsin. Heç düşmənimizin də həmin günləri yaşamasını istəmirik (qürurlu bir tərzdə əllərini göyə qaldırıb, Allaha dua edir).

– O günləri yuxunuzda görürsünüz?

– Çox olub. Xankəndindəki köhnə evlər, yollar, gördüyümüz işlər... Mən orada ayaqqabı fabrikində işləmişəm. Maaşımla ev də almışdım. 15 il həmin fabrikin fəxri işçisi olmuşam.

– Bəzi adamlar deyir ki, ermənilərlə bizim aramız həmişə yaxşı olub. Bu fikrə münasibətiniz necədir?

– Razıyam. Onlarla yaxşı münasibətlərimiz olub. Heç vaxt inanmazdıq ki, o alçaqlar başımıza bu oyunları gətirəcək. Bu faciəni onlar rusların 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin dəstəyi ilə həyata keçirdilər.

Erməni kimdir və nə millətdir ki, öz gücləri hesabına bunları etsin? Qorxaq və şərəfsizin biridirlər! 

– Bu faciə anidən və xəbərsiz həyata keçirildi... (Sözümü kəsir)

– Bilirsiniz, bu atışma hər zaman olurdu. Buna artıq öyrəşmişdik. Elə bildik, budəfəki də eyni vəziyyətdir. Gördük ki, yox, bu, o deyil.

Kim qaçıb canını qurtara bildisə, yaşadı, bilməyənlərin yarısını evlərində, yarısını meşədə qırdılar. Elə adamlar olurdu ki, azır və 4-5 gündən sonra gəlib bizi tapırdı. Meyitlər tanınmaz hala gətirilmişdi.

– Canlarını xilas edə bilənlər sığınacaq kimi haraya yerləşdirildi?

– Ağdamın Şelli adlanan bir kəndi var idi. Bizi orada qarşıladılar və hamımız müvəqqəti olaraq orada sığınacaqla təmin edildik. Daha sonra isə Bakıya – indiki yaşadığımız əraziyə gətirildik. Elə 26 ildir ki, bax, bu dənizin qırağında çürüyürük (köks ötürür). 

– Bakıya gəldikdən sonra çətinlikləriniz oldu?

– Biz adi çöp də gətirməmişdik. İndi yaşadığım bu evin içi boş divarlardan ibarət idi. Bakı camaatı sağ olsun. Bizə çox kömək etdilər. Kimisi qab-qacaq, kimisi yemək, kimisi ərzaqla təmin edirdi.

Bayramlarda belə bizə qonaq gələrdilər, danışıb dərdləşərdik. Onların etdiklərini heç bir zaman unutmaq olmaz. 

– Bəs indi sizə baş çəkirlər?

– Əvvəlki kimi yox. Amma bayramlarda, faciənin ildönümündə gəlib yad edirlər. Yenə də sağ olsunlar.

– Burada neçə ailə məskunlaşdı? Yadınızdadır?

– Bir onu bilirəm ki, xeyli ailə var idi. Mən üç oğlumla gəlmişdim. Böyüdükdən sonra öz gücümüzə əlavə otaqlar tikib, ayrı-ayrılıqda yaşadıq.

– Sağ əlinizin barmaqları yoxdur. Bu, həmin faciəvi gecədə olub?

– Ermənilərin “QRAD” tipli raketinin gülləsi qoluma dəymişdi. Bir də baxdım ki, barmaqlarım yoxdur, yerinə ət sallanır. Tez ətrafımdakı insanlar qolumu sıxıb, qanı dayandırdılar. Ağdamın Şelli kəndinə gəldikdən sonra həkimlər əməliyyat etdi.

– Ailənizdə sizdən başqa yaralanan oldu?

– Oldu. Güllə kiçik oğlumun kürəyindən girib, sinəsindən çıxmışdı. Xocalıdan gələnlərin əksəriyyəti bu vəziyyətdədir. Heç kim deyə bilməz ki, durumum yaxşıdır. Hamısı imkansız, xəstə, yaralı...

– Xocalıdakı şəraitiniz necə idi?

– Çox gözəl. Demək olar ki, orada heç nəyə pul xərcləmirdik. Özümüz əkir, özümüz becərirdik. Yalnız çaya pul verirdik. Torpağımız qızıl idi. Yoxsa ki, buradakı durum nə yaşayışdır, nə həyatdır? (heyifsilənir).

Orada hər cür şəraitimiz var idi. Yediklərimiz də təbii məhsullar idi. Düzdür, bugünkü gündə də dövlətimiz bizi unutmur. Lazımınca kömək göstərir. Buna görə də ölkə başçısına təşəkkür edirik. Allah ona can sağlığı versin. Torpaqlarımızın geri qayıtması üçün çox çalışır.

– Xocalının geri qayıtması ilə bağlı ümidiniz var?

– Bəli, həm də çox. Elə indi desələr ki, Xocalı geri qaytarılır, canla-başla öz yurduma geri qayıdaram.


25 Fev 2024
Müsahibə

Kamaləddin Qafarov: “Xocalı soyqırımı bəşər tarixinin qanlı cinayətlərindən biridir”

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 1992-ci ildə ermənilər tərəfindən törədilmiş Xocalı soyqırımı barədə demişdir: “Xocalı faciəsi erməni millətçilərinin yüzilliklər boyu türk və Azərbaycan xalqlarına qarşı apardığı soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsi idi”. Həqiqətən də XX əsrin sonunda törədilmiş bu qətliam sadəcə Azərbaycan xalqına deyil, əslində bütün bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir.”

21 Fev 2022
Müsahibə

Slobodan Samarciya: “Serbiya ilə Azərbaycan əsl dostdur”

“Azərbaycan və Serbiyanın ümumi maraqları ilk növbədə ondan irəli gəlir ki, onlar öz tarixlərinin əhəmiyyətli hissəsini daha böyük dövlət ittifaqı çərçivəsində yaşamış iki müstəqil ölkədir: Azərbaycan SSRİ-nin tərkibində idi, Serbiya isə keçmiş Yuqoslaviya respublikalarından biri olub”.

14 Fev 2022
Müsahibə

Vidadi Əhmədov: "Turan Tovuz"a 100 adamdan biri kimi dəstək verə bilərəm"

Tovuzun "Turan” klubunun qurucusu və sabiq prezidenti Vidadi Əhmədovun "Realpress.az"a müsahibəsi

10 Fev 2022
Müsahibə

Maksim Şevçenko: “Minsk prosesi” yoxdur, onu unutmaq lazımdır - MÜSAHİBƏ

Rusiya prezidenti Vladimir Putinlə fransalı həmkarı Emmanuel Makron arasında son danışıqlardan sonra Fransa lideri Ermənistanda tənqid olunmağa başlayıb. Belə ki, erməni siyasi müşahidəçi Naira Ayrumyan qeyd edib ki, fevralın 4-də Azərbaycan Prezidenti İlham Əliyevin, Avropa İttifaqının sədri kimi Makronun özünün, Avropa Şurasının rəhbəri Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə videokonfrans vasitəsilə keçirilən görüşdə Fransa rəhbəri ATƏT-in Minsk prosesi çərçivəsində Qarabağ üzrə danışıqların bərpasının zəruriliyindən bir kəlmə də danışmayıb.

9 Fev 2022
Müsahibə

Aleksandr Proxanov: “Gec-tez Ankara Rusiya ilə qarşıdurmaya gedə bilər” – MÜSAHİBƏ

Bu yaxınlarda Rusiya və Çin liderləri Vladimir Putin və Si Cinpin həm təhlükəsizlik təminatlarına, həm də xarici qüvvələrin suveren ölkələrin daxili işlərinə müdaxiləsinin yolverilməzliyinə aid birgə bəyanatı imzaladıqdan sonra məlum oldu ki, dünyada anti-Qərb strukturu qurulur.