Kommunal ödənişlərin yeni hesablanma qaydası açıqlandı

Kommunal ödənişlərin yeni hesablanma qaydası açıqlandı
07 Dek 2016 08:57

Əhaliyə satılan elektrik enerjisi və təbii qazın qiymətlərinin artırılmasından daha çox kimlər zərər görəcəklər?

Xəbər verdiyimiz kimi, Tarif Şurası noyabrın 28-də Azərbaycanda ilk dəfə olaraq əhaliyə qaz və elektrik enerjisinin verilməsi qiymətlərinin diferensial prinsip əsasında formalaşdırılması barədə qərar qəbul edib. Bu xəbər yayıldığı andan, cəmiyyəti bir sıra suallar düşündürməyə başlayıb. Xüsusilə, “Yeni ödəmələrin hesablanması hansı qaydada aparılacaq?” sualı…

“Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev Sputnik-ə açıqlamasında deyib ki, Tarif Şurasının elektrik enerjisi ilə bağlı yeni tarif tənzimlənməsində, əhali üzrə elektrik enerjisinin ardıcıl 30 təqvim günü ərzindəki aylıq istehlakı 250 kilovat-saatadək olan istehlakçılar üçün tarif dəyişdirilməyərək mövcud 7 qəpik səviyyəsində saxlanılıb, aylıq istehlak həcminin 250 kilovat-saatdan çox olan hissəsi üçün isə 11 qəpik müəyyənləşdirilib: “Məlumat üçün bildiririk ki, əhali üzrə abonentlərimizin 72%-nin aylıq istehlak həcmi 250 kilovat-saatdan az olduğu üçün, diferensial yanaşma çərçivəsində yeni tariflərin tətbiqi həmin abonentlərə, o cümlədən bu kateqoriyaya aid olan aztəminatlı ailələrə təsir göstərməyəcək”. “İstehlak həcminə görə diferensial tarif yanaşmasının mahiyyətini izah etmək üçün, nümunə kimi orta aylıq elektrik enerjisi istehlakı (ardıcıl 30 təqvim günü ərzində) 250 və 300 kilovat-saat olan 2 əhali abonentinin elektrik enerjisi üçün ödənişini nəzərdən keçirək. Birinci abonentin orta aylıq istehlakı 250 kilovat-saatdan çox olmadığına görə onun aldığı elektrik enerjisinin dəyəri 7 qəpiklə hesablanacağı üçün müvafiq xərci hazırda olduğu kimi 17,5 manat (250 kVts x 7 qəpik = 17,5 manat) səviyyəsində qalacaq. Orta aylıq elektrik enerjisi istehlakı 300 kilovat-saat olan ikinci abonent isə köhnə rejimlə 21 manat (300 kVts x 7 qəpik = 21 manat) ödəniş edəcəyi halda, cari ilin 1 dekabr tarixindən həmin həcmin 250 kilovat-saatı üçün 17,50 manat (250 kVts x 7,0 qəpik = 17,50 manat), 250 kVts-dan artıq 50 kilovat-saata (300-250=50) görə isə 5,5 manat (50 kVts x 11qəpik = 5,5 manat) olmaqla, cəmi 23 manat ödəniş həyata keçirəcək”, — Mustafayev qeyd edib.

“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbəlayev isə Sputnik-ə açıqlamasında yeni hesablama qaydasını belə izah edib: “Tarif Şurasının 28 noyabr 2016-cı il tarixli 18 nömrəli qərarına əsasən, qeyri-əhali sektorunun artıq dekabrın 1-dən yeni tarif ilə ödənişləri başlanılıb. Yeni tariflər əhali abonentləri üçün 2017-ci il yanvarın 1-dən tətbiq olunacaq. İl ərzində 1500 kubmetr təbii qaz əvvəlki qiymətlə — 10 qəpiklə hesablanacaq. İl ərzində bu limiti keçdikdə yeni tariflə hesablanacaq”. “İl ərzində 1500 kubmetr limit verilib. Həmin limit 10 qəpiklə hesablanacaq. İl ərzində 1500 kubmetri aşdıqdan sonra yeni qiymətlə hesablanacaq. İllik istehlak həcminin 1500 kubmetrdən çox olan hissəsi üçün isə 20 qəpik müəyyənləşdirilib”, — “Azəriqaz” sözçüsü bildirib.

Kərbəlayev, həmçinin əlavə edib ki: “Bizdə abonentlərin məlumat bazası var. Abonent şəxsiyyət vəsiqəsilə, smart kartı ilə “ASAN Xidmət” mərkəzlərinə və yaxud da yerli xidmət sahələrinə yaxınlaşıb abonent haqqında məlumatı istədiyi vaxt əldə edə bilər. Əvvəlki qaydada ödəniş necə idisə, yenə elə də olacaq”.

İqtisadçı-ekspert Samir Əliyev Sputnik-ə açıqlamasında deyib ki, ümumən götürəndə yeni qiymət bütün ailələrə bu və ya digər formada təsir edəcək: “Kiminə qaza görə, kiminə isə işığa görə təsir edəcək. Elə bir ailə olmayacaq ki, bu artımın təsirindən kənarda qalsın. Bu sahədə ən az zərəri bina evləri, xüsusilə də Sovet dövründə tikilən binalar görəcək. Çünki, onların bir çoxunda mərkəzləşdirilmiş istilik sistemi var”. “Həmin insanlar qazın təsirindən kənarda olacaq. Yəni, kombi bir çoxunda yoxdur. Əgər mərkəzləşdirilmiş istilik sistemi varsa, qaz və işıq baxımından xərcləri az çıxacaq. O evdə ki, mərkəzləşdirilmiş istilik sistemi yoxdur, qaz və işıq xərcləri artacaq. Belə evlər də kifayət qədərdir. Qiymət artımı daha çox həyət evlərinə və yeni tikililərə təsir edəcək”, — S. Əliyev vurğulayıb.


13 Dek 2023
İqtisadiyyat

Mikayıl Cabbarov Yurgen Riqterink ilə görüşüb - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Yurgen Riqterink  ilə görüşüb.

6 Noy 2023
İqtisadiyyat

Rusiya vilayətində fövqəladə vəziyyət elan olundu - FOTO/VİDEO

Rusiyanın Primorye diyarının Lesozavodsk şəhərində buzlu yağış səbəbindən fövqəladə vəziyyət elan edilib.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”

“Azərbaycanda vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Azərbaycanda müzakirəyə çıxarılan büdcə layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir”

Dünyada hərbi münaqişələrin geniş vüsət alması şəraitində dünya iqtisadiyyatında gərginlik və risklər artmaqda davam edir, bunu nəzərə alaraq bu gün müzakirəyə çıxarılan 2024-cü ilin Azərbaycanın dövlət büdcəsi layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir.

25 Okt 2023
İqtisadiyyat

Hindistanın ticarət və sənaye üzrə dövlət naziri ilə görüş keçirilib - YENİLƏNİB + FOTO

Azərbaycan və Hindistanla iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunub.