Kamaləddin Qafarov : " Qarabağa böyük qayıdışın qarşısını heç bir qüvvə kəsə bilməyəcək "

Kamaləddin Qafarov : " Qarabağa böyük qayıdışın qarşısını heç bir qüvvə kəsə bilməyəcək "
04 2017 11:44

Yeni ilin ilk ayında ölkəmizdə məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətinin müəyyənləşdirilməsi, Ermənistanın işğalından azad edilmiş ərazilərimizin məskunlaşdırılması ilə bağlı atılan növbəti addımlar, qəbul edilən önəmli qərarlar, bütövlükdə, Qarabağa böyük  qayıdışa start verilməsi  məram və mahiyyətinə görə çox böyük əhəmiyyət kəsb edir. Bu hadisələrin mərkəzində dayanan Prezident İlham Əliyevin imzaladığı fərman və sərəncamlar, dövlət başçısının  rəhbərliyi ilə başlanan işlər Dağlıq Qarabağ və ətraf rayonların erməni işğalından azad edilməsinin Azərbaycan  üçün prioritet məsələ olduğunu bir daha təsdiqlədi.

Əvvəla, Prezident İlham Əliyevin  yanvarın 23-də imzaladığı məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında fərman həmin  kateqoriyadan olan insanların sosial müdafiəsinin gücləndirilməsi işini daha yüksək müstəviyə keçirdi. Dövlət büdcəsindən məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi üçün ayrılan vəsaitin ünvanlılığının təmin edilməsi və çatdırılma mexanizminin sadələşdirilməsi məqsədi ilə imzalanan bu fərmana əsasən, yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, 2017-ci il 1 yanvar tarixindən hər bir adama 36 manat məbləğində vahid aylıq müavinət müəyyən edilib.

İkincisi, bu fərmanın imzalanması ulu öndər Heydər Əliyevin əsasını qoyduğu qaçqınlara və məcburi köçkünlərə qayğı siyasətinin yüksək səviyyədə davam etdirilməsini bir daha təsdiqləyir. Bu yenilik qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması və onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən dövlət siyasətinin səmərəliliyinin daha da artırılmasına, ünvanlılığın və şəffaflığın təmin olunmasına xidmət edir.

Ümummilli liderimiz Heydər Əliyevin səyləri ilə həyata keçirilən tədbirlər sayəsində 1993--2003-cü illərdə ayrı-ayrı dövlətlər, beynəlxalq maliyyə qurumları, humanitar təşkilatlar tərəfindən qaçqın, məcburi köçkün və aztəminatlı əhaliyə müxtəlif layihələr üzrə, təxminən, 640 milyon ABŞ dolları həcmində humanitar yardım göstərilib. 1999-cu ildə ulu öndərin BMT-nin Ümumdünya Ərzaq Proqramının baş qərargahına müraciətinə əsasən həmin təşkilatın Azərbaycanda fəaliyyət müddəti müstəsna hal kimi 2005-ci ilin sonuna qədər uzadılıb. 1998-ci ildə Prezident Heydər Əliyevin müvafiq sərəncamına əsasən, “Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üzrə Dövlət Proqramı” təsdiq edilib. Növbəti ildə ölkə Prezidentinin fərmanı ilə dünya təcrübəsində ilk dəfə olaraq Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu təşkil olunub.

Qaçqın və məcburi köçkün soydaşlarımızın sosial vəziyyətlərinin, o cümlədən mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində ümummilli liderin əsasını qoyduğu siyasəti, son yeniliklərdən də göründüyü kimi, Prezident İlham Əliyev ardıcıl olaraq yüksək səviyyədə  davam etdirir.  Son 14 ildə dövlət başçısının siyasi iradəsinə uyğun olaraq qaçqın və məcburi köçkünlərin sosial müdafiəsi, o cümlədən onların mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması ilə bağlı hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilib.

Ötən müddətdə bu məqsədlə dövlət başçısının bir sıra fərman və sərəncamları imzalanıb, müxtəlif qanunlar təsdiqlənib və yeni təşəbbüslər irəli sürülüb. 2004-cü il iyunun 8-də Mingəçevir şəhərində 412 məcburi köçkün ailəsi üçün yeni salınmış qəsəbənin açılış mərasimində iştirak edən Prezident İlham Əliyev bu qayğı və diqqətin davamı olaraq  həmin ilin 1 iyulunda müvafiq sərəncamla “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” nı təsdiqləyib. Prezident İlham Əliyevin 31 oktyabr 2007-ci il tarixli sərəncamı ilə təsdiq edilən əlavələrə əsasən, həmin dövlət proqramının icra müddəti uzadılıb və əhatə dairəsi genişləndirilib.

Bundan başqa, dövlət başçısı 21 fevral 2011-ci il tarixində “Məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında”  daha bir sərəncam imzalayıb. Həmin dövlət proqramı və ona edilən əlavələr qaçqın və məcburi köçkün soydaşlarımızın mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına güclü təkan verib.

Dövlət başçısı tərəfindən qarşıya qoyulan vəzifələrin icrası istiqamətində ötən müddətdə böyük iş görülüb. Belə ki, bəhs olunan dövrdə dövlət proqramları çərçivəsində qaçqın və məcburi köçkün soydaşlarımızın mənzil-məişət şəraitlərinin yaxşılaşdırılmasına və digər sosial ehtiyaclarının ödənilməsinə 6,2 milyard dollardan çox vəsait sərf olunub. Dövlət Neft Fondunun vəsaiti hesabına müasir standartlara cavab verən 3,2 milyon kvadratmetr sahəsi olan 95 yaşayış kompleksi salınıb, 50 min ailə və ya 250 min nəfərdən çox qaçqın və məcburi köçkün yeni mənzillərlə təmin olunub. Yeni yaşayış məntəqələrində bütün texniki infrastrukturla yanaşı, 150 məktəb, 58 mədəniyyət mərkəzi, 59 uşaq bağçası, 58 tibb məntəqəsi, 2 Olimpiya İdman Kompleksi tikilib.

Azərbaycan dövləti təkcə qaçqınların və məcburi köçkünlərin sosial problemlərinin həlli ilə işini bitmiş hesab eləmir, eyni zamanda, Ermənistan ordusunun işğalı altında olan torpaqlarımızın azad edilməsi istiqamətində mühüm və ardıcıl addımlar atılır. Azərbaycan Respublikasının xarici siyasət strategiyasında Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına əsasən, yəni ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilməsi üstün və dəyişməz istiqamətdir. Milli dövlətlərin ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləyən, qarşılıqlı etimadı əsas götürən, separatizmin hər cür formasını rədd edən Azərbaycan diplomatik müstəvidə özünün bütün resurslarından maksimum surətdə istifadə etməklə, münaqişənin həllinə nail olmağa çalışır.

İşğalçı Ermənistan isə bu zamana qədər bütün çağırışlara qeyri-konstruktiv reaksiya verməklə yanaşı, ATƏT-in Minsk qrupu həmsədrlərinin bəyanatında əks olunmuş status-kvonun saxlanmasının yolverilməzliyi, hərbi əməliyyatlardan çəkinmək və münaqişənin sülh yolu ilə həlli təkliflərinə məhəl qoymayıb. Lakin işğalçı ölkənin hansı mövqe sərgiləməsindən asılı olmayaraq, bir həqiqət dəyişməz olaraq qalır. Bütün hallarda, Azərbaycan öz ərazi bütövlüyünü və təhlükəsizliyini təmin etmək iqtidarındadır və işğal altında olan ərazilər istənilən yolla azad ediləcək. Bu, Azərbaycanın beynəlxalq hüquq normaları ilə təsbit edilmiş ali siyasi hüququdur.

Ordunun döyüş və müdafiə qabiliyyətinin artırılması Azərbaycanın öz torpaqlarını, nəyin bahasına olursa-olsun, işğaldan azad edəcəyinə dair əminlik yaradır. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı sayəsində sistemli şəkildə aparılan ordu quruculuğu sahəsində məqsədyönlü işlər görülüb. Bu illər ərzində hərbi hissələrin komplektləşdirilmə faizi və keyfiyyəti yüksək səviyyədə olub, əsas komanda-qərargah vəzifələrinin peşəkar, ali hərbi təhsili olan mənəvi, fiziki və psixoloji cəhətdən hazırlıqlı, döyüş təcrübəsi toplamış zabitlərlə komplektləşdirilməsi ardıcıl şəkildə həyata keçirilir.

Bunlarla yanaşı, aviasiyada hava hücumundan müdafiə üzrə yeni texnikanın alınması, mövcud texnikanın təmiri və modernləşdirilməsi nəticəsində hissə və bölmələrin müxtəlif hava şəraitində döyüş fəaliyyəti imkanları artırılıb. Görülən bütün bu işlər nəticəsində Azərbaycan Ordusu yüksək döyüş hazırlığına nail olub və qarşıya qoyulan istənilən tapşırığı yerinə yetirməyə qadirdir. Bir məqamı xüsusi olaraq qeyd etmək lazımdır ki, 2016-cı ilin aprelində cəbhənin təmas xəttində müşahidə olunan gərginlik və Azərbaycan Ordusunun düşmənin təxribatlarına cavab olaraq ona sarsıdıcı zərbələr vurması Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yeni vəziyyətin yaranmasını şərtləndirdi.

Ümumiyyətlə, aprel hadisələri Ermənistana ciddi mesajlar verdi. Eyni zamanda, bu hadisələrin fonunda ayrı-ayrı dövlətlər, beynəlxalq təşkilatların nümayəndələri, parlamentarilər, rəsmilər Ermənistanın təxribatçı hərəkətlərinə son qoyulmasının və Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına əsasən həllinin zəruriliyini bəyan etdilər. Nəhayət, dünya ictimaiyyəti Ermənistanın təxribatçı hərəkətlərini və təcavüzkar siyasətini kəskin qınadı. Ermənistan tərəfi mövcud status-kvonun dəyişdirilməsi üçün konstruktiv danışıqları davam etdirməyə məcbur oldu.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev yanvarın 23-də Müdafiə Nazirliyinin Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində “N” hərbi hissəsinin yeni inşa edilmiş hərbi şəhərciyinin açılışında iştirakı çərçivəsində hərbi qulluqçularla görüşü zamanı qeyd etdi ki, aprel döyüşləri bizim böyük hərbi qələbəmizdir: “Uzun illər Ermənistan öz ordusu haqqında miflər yaradırdı, uydurmalar irəli sürürdü ki, guya, bunların yenilməz ordusu var. Aprel döyüşləri göstərdi ki, kimin ordusu yenilməzdir. Ermənistan öz acı məğlubiyyətini etiraf etmək istəməsə də, məcburdur ki, etiraf etsin. Məhz aprel döyüşlərindən sonra Ermənistanın müdafiə naziri başda olmaqla bir çox yüksək vəzifəli hərbçilər öz vəzifələrindən kənarlaşdırıldı. Bu, aprel döyüşlərinin nəticəsi idi.

Bizim əsgərlərimiz, zabitlərimiz qəhrəmanlıq göstərdilər. Biz şəhidlər də verdik. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Ancaq torpağımızı qoruduq, torpaqlarımızın bir hissəsini işğalçılardan azad etdik. Aprel döyüşləri hərbi kitablara salınmalıdır. Azərbaycan Ordusu həm hərbi peşəkarlıq, həm qəhrəmanlıq göstərmişdir”.

Doğrudan da, 2016-cı ilin aprelində Azərbaycan Ordusu ermənilərin təxribatına layiqli cavab verməklə tariximizə daha bir şanlı səhifə yazdı. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu əks-hücum əməliyyatı nəticəsində min hektarlarla torpağımız, o cümlədən Lələtəpə yüksəkliyinin işğaldan azad olunması Cəbrayıl rayonunun 22 il əvvəl azad olunmuş Cocuq Mərcanlı kəndinin təhlükəsizliyini də təmin etdi. Sonrakı aylarda dövlətimizin başçısının Lələtəpə yüksəkliyinə gəlməsi, torpaqlarımızın müdafiəsində dayanan əsgərlərimizlə görüşməsi onlarda da böyük ruh yüksəkliyi yaratdı.

Cocuq Mərcanlı Cəbrayıl rayonunun işğaldan azad edilmiş yaşayış məntəqəsidir. Prezident İlham Əliyevin yanvarın 24-də imzaladığı sərəncamla bu kəndin bərpa olunmasına start verildi. Kəndin bərpası ilə bağlı görüləcək işlər çərçivəsində birinci mərhələdə 50 fərdi yaşayış evi, məktəb binası və müvafiq infrastrukturun tikintisi üçün ilkin olaraq 4 milyon manat ayrılıb. Bu sərəncamın həm də böyük bir rəmzi mənası var. Bu, o deməkdir ki, indi biz əgər Cocuq Mərcanlıya qayıdırıqsa, deməli sabah tamamilə Cəbrayıla, ondan sonra Füzuliyə, Ağdama, Kəlbəcərə və işğal altında olan digər ərazilərimizə qayıdacağıq.

Cocuq Mərcanlıya qayıdış Şuşaya, Xankəndiyə qayıdışın – Qarabağa Böyük qayıdışın  başlanğıcıdır. Bunu təmin edən başlıca amil isə Azərbaycan Ordusunun işğalçı Ermənistan ordusu üzərindəki aprel qələbəsidir. Şübhəsiz, Azərbaycan Ordusu işğalçı Ermənistan ordusu üzərindəki aprel qələbəsi ilə münaqişənin həllini gerçək bir məcraya çıxartdı. Eyni zamanda, həmin döyüşlər çərçivəsində Lələtəpənin azad edilməsi Cocuq Mərcanlı kəndinin erməni təhdidindən azad edilməsinə, orada məskunlaşmaya imkan yaratdı.

Belə demək mümkündürsə, Cocuq Mərcanlıya qayıdış Qarabağa ellikcə qayıdışın ilk addım səsləridir. Bu vaxtadək özlərini saxta lovğalıqla qalib kimi aparan ermənilərin, necə deyərlər, kürklərinə birə, canlarına vəlvələ  düşüb. Ermənilər artıq dərk etməyə başlayıblar ki, Azərbaycanın Qarabağı azad etmək qüdrətinin qarşısında acizdirlər. Buna görə də Prezident İlham Əliyevin “İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında” sərəncamına əsasən, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlərə başlanmasını ermənilər ciddi təşvişlə qarşıladılar.

Ermənistan cəmiyyəti Azərbaycan tərəfindən görülən işlərin onlarda narahatlıq yaratdığını artıq gizlətmir, bununla bağlı Sarkisyan hakimiyyətinə ciddi və açıq mesajlar ötürürlər. Ermənilər bu məsələni sosial şəbəkələrdə xüsusi müzakirəyə çıxarıblar və verilən şərhlər onların isterikada olduğunu göstərir. Ermənilər Azərbaycanın işğal altında olan torpaqlarını azad edəcəyini, Azərbaycan Ordusunun İrəvana qədər gedə bilmək əzmində olduğunu ifadə edərək dərin narahatlıqlarını bildirirlər.   

 Prezident İlham Əliyevin Pirəkəşkül qəsəbəsində  “N” hərbi hissəsinin yeni inşa edilmiş hərbi şəhərciyinin açılışında hərbi qulluqçularla görüşü zamanı çıxışında da bəyan etdiyi kimi: “Heç vaxt Dağlıq Qarabağa müstəqillik verilməyəcək. Əgər kimsə bunu gözləyirsə, qoy əbəs yerə gözləməsin. Bu olmayacaq! Dağlıq Qarabağ Azərbaycan torpağıdır, həm tarix, həm bütün dünya birliyi bunu belə qəbul edir. Azərbaycan müstəqilliyə qovuşanda, vahid dövlət kimi BMT-yə üzv olanda Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsi kimi qəbul edilmişdir”.

Azərbaycan torpaqlarının işğaldan azad ediləcəyi artıq ermənilərin özlərində belə şübhə doğurmur. İstər işğalçı Ermənistan, istərsə də dünya ictimaiyyəti dərk edir ki, bu gün Cocuq Mərcanlıda dalğalanan Azərbaycan bayrağı sabah Şuşa, Laçın, Xankəndi səmalarında dalğalanacaq! Düşmənlərimiz və dünya ictimaiyyəti onu da başa düşürlər ki, Azərbaycan öz ərazisində ikinci qondarma erməni dövlətinin yaranmasına icazə verməyəcək.

Kamaləddin QAFAROV,
Milli Məclisin deputatı



# kamaləddin qafarov, kamaləddin qafarov, qafarov, kemaleddin qafarov, deputat, milli məclis, milli meclis


28 Mar 2024
Siyasət

CAR prezidenti İlham Əliyevi təbrik etdi

Cənubi Afrika Respublikasının (CAR) Prezidenti Matamela Siril Ramafoza Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib. 

28 Mar 2024
Siyasət

Azərbaycandakı valyuta hərraclarındakı satış 2 dəfəyə yaxın artıb

Bu ilin yanvar-mart aylarında Azərbaycan Mərkəzi Bankının (AMB) Dövlət Neft Fondu (ARDNF) ilə birlikdə keçirdiyi valyuta hərraclarında 1 milyard 835,8 milyon ABŞ dolları məbləğində satış olub.

28 Mar 2024
Siyasət

Azərbaycan Kuboku: “Sərhədçi” sonuncu yarımfinalçı oldu - FOTO

“Sərhədçi” İdman Mərkəzində basketbol üzrə Azərbaycan Kubokunun B qrupunda son iki oyun keçirilib.

27 Mar 2024
Siyasət

Bakıda 18 dərəcə isti, dağlarda 7 dərəcə şaxta olacaq - Sabahın HAVA PROQNOZU

Martın 28-də Azərbaycan ərazisində gözlənilən hava şəraiti ilə bağlı proqnoz açıqlanıb.

27 Mar 2024
Siyasət

Növbəti köç karvanı Füzuliyə çatıb - YENİLƏNİB + FOTO/VİDEO

Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində məcburi köçkünlər üçün salınmış “Qobu Park-3” yaşayış kompleksində 134 nəfərdən ibarət növbəti köç karvanı Füzuliyə çatıb.